;

Autizmli uşaqlara narahatlıqlarını anlamağa necə kömək etmək olar

Autizmli uşaqların müəllimi uşağa narahatlığı müəyyən etməyə kömək edən bir neçə üsuldan istifadə edir
  • 471
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Autizm spektrində olan insanların demək olar ki, 40%-nin hansısa yüksək narahatlıqdan əziyyət çəkdiyini bilirdinizmi? Ümumi əhali üçün bu nisbət qiymətləndirmə növündən və yaşından asılı olaraq 2,2%-dən 20%-ə qədər dəyişir. Biz çox uzun müddətdir ki, autizmli insanların depressiya və narahatlıq pozğunluqlarına daha çox məruz qaldığından xəbərdarıq.

Bundan əlavə, əgər siz emosional davranış pozğunluğu olan uşaqlarla işləyirsinizsə, narahatlıq çox vaxt gözlənilməz formalar alır. Əgər öz qorxularına cavab olaraq uşaq özünə qapanırsa və təmasdan qaçırsa, biz böyük ehtimalla narahatlıqdan daha çox şübhələnirik. Ancaq uşaqlar narahatlığın öhdəsindən gəlmək üçün aqressiv və ya kobud olsalar, səbəbin nə olduğundan da şübhələnməyə də bilərik. Bununla belə, bu uşaqların bir çoxunda hansısa formada narahatlıq pozğunluğu var.

Narahatlıq necə görünür?

Bəzən narahatlığın xüsusi bir səbəbi olur, məsələn, yüksək səslərdən qorxmaq. Digər hallarda uşaq qorxusunun konkret səbəbini müəyyən edə və ya adını çəkə bilmir, sadəcə onu hiss edir.

Bir çox hallarda bu hisslər “isterika” və davranış problemləri kimi görünə bilər. Uşağın adətən çətinlik çəkmədən yerinə yetirdiyi vəzifələr birdən-birə yüksək səviyyəli narahatlıq səbəbindən qışqırıqlara, göz yaşlarına və ya aqressiyaya səbəb olur.

Narahatlıq problemli davranışa səbəb ola bilərmi?

Bəzi hallarda narahatlıq problemli davranışa səbəb ola bilər. Məsələn, bir uşaqda obsesif-kompulsif pozğunluq varsa və siz onların beyinlərinə qoydularını etməsinə mane olursunuzsa, bu, davranış patlaması ilə nəticələnə bilər.

Çox vaxt narahatlıq, vəziyyətin davranış problemlərinə səbəb olma ehtimalını artırır. Bu, davranışın birbaşa səbəbi deyil, sadəcə olaraq bir hadisənin problemli davranışa səbəb olma ehtimalını artırır. Çox vaxt bu, bəzi uşaqların niyə bir gün hər hansı bir vəziyyətin öhdəsindən asanlıqla gəldiklərini, növbəti gün isə narahtlıqlarının artdığını izah edir.

Narahatlıqla mübarizə aparmaq şagirdlərimiz üçün olduqca çətin ola bilər. Bir stəkan su təsəvvür edin. Su stəkanın ağzına qədər çatarsa, onun daşmaq ehtimalı artar. Bu məhz elə davranış problemlərinin başladığı andır. Stəkanın daşmasının qarşısını almaq üçün ilk addım uşağınıza narahatlıqla əlaqəli düşüncə və hissləri müəyyən etməyi öyrətməkdir. Bu məqalə uşağınıza bunu etməkdə necə kömək göstərəcəyiniz barədədir.

Narahatlıq davranışa necə təsir edir?

Yadda saxlamaq lazımdır ki, narahatlıq zaman keçdikcə artır və müxtəlif xırda şeylər belə onu idarə etmək mümkün olmayan səviyyəyə qədər pisləşdirə bilər.

Narahatlığı bir stəkan su kimi düşünün. Ola bilsin ki, əvvəlcə stəkan yarıya qədər dolu olsun. Müxtəlif hadisələr baş verdikcə (tədris tələbləri, sosial tələblər, ətraf mühitdə olan hissiyyat stimulları) su (narahatlıq) əlavə olunur. Çox su olanda isə daşmağa başlayır. Bu anda adi bir xırdalıq kimi görünən şey "son damlaya" çevrilir və nəticədə isterikaya səbəb olur. Məsələn, işdə həqiqətən çətin bir gün keçirdiyinizi və evdə adi bir boşqabın qırıldığına görə ağladığınızı təsəvvür edin.

Əgər su stəkanı əvvəlcə demək olar ki, artıq doludursa (yəni narahatlıq daim yüksəldir) ... su daha sürətli şəkildə daşmağa başlayacaq. Elə günlər olur ki, stəkan elə əvvəlcədən demək olar ki, dolu olur və adi, kiçik görünən hadisələr belə olduqca ciddi davranış əlamətlərinin başlamasına səbəb olur.

Hazırkı anda narahatlığın müəyyən edilməsi

Narahatlığın idarə edilməsində əsas problemlərdən biri - narahatlığın problem olduğunu müəyyən etməkdən ibarətdir. Uşağın nə hiss etdiyini dərk etməsi çətindir. Bunlara autizmlə bağlı ünsiyyət problemləri də əlavə olunduqda, o zaman narahatlıq yaşadığını başqalarına çatdırmaq da çətinləşir. Əgər buna üstəgəl narahatlığı artıran vəziyyətlərdən doğan stressi də əlavə etsək, bu zaman öz narahatlığını təyin etmək daha da çətinləşir.

Uşağınıza öz narahatlığını müəyyən etməyə kömək edəcək üsullar

Əgər uşağınızın narahatlığını azaltmaq və problemli davranışın qarşısını almaq istəyirsinizsə, ilk strategiya uşağınızın öz hisslərini başa düşməsinə kömək etməkdir. Uşaqlara bu ilk addım üçün narahatlıq yaşadıqlarını anlamağa kömək edə biləcək bir neçə strategiya var.

1. "İnanılmaz beş ballıq şkala" metodu

Uşaqlara stress və emosiyalarını müəyyən etməyə və onlara çatdırmağa kömək etmək üçün bildiyim ən yaxşı vasitələrdən biri "İnanılmaz 5 Ballıq şkala" üsuludur. Bu şkala Kari Dann Baron tərəfindən hazırlanmışdır. Onun mənası odur ki, insan öz narahatlığını (qəzəb, stress, səsin ucağılığı və s.) 1-dən 5-ə qədər rəqəmlərlə  qiymətləndirir. Narahatlıq zamanı 1 tam sakitlik, 5 isə özünə nəzarəti itirməsidir.

Beş ballıq şkaladan necə istifadə etmək barədə daha ətraflı məlumat üçün aşağıdakı keçidləri oxuya bilərsiniz: "Beş ballıq şkaladan istifadə qaydaları", "Autizmli qadın beş ballıq şkalanın faydaları haqqında".

 

Bu metodun bir sıra xüsusiyyətləri onu narahatlıqla mübarizədə xüsusilə faydalı edir:

- Şkaladan istifadə edərək öz rifahınızı qiymətləndirmək çox sadədir, bu, vəziyyətinizi müxtəlif sözlərlə təsvir etməkdən çox asandır. Narahatlığı izah etməkdənsə, “Özümü 4 -də olduğu kimi hiss edirəm” demək daha asandır.

- Narahatlığı azaltmaq üçün rəqəmləri strategiyalarla əlaqələndirə bilərsiniz. Məsələn, "özümü 3 -də göstərilən kimi hiss edirəmsə, 3 dəfə dərindən nəfəs alıb-verə bilərəm".

- Siz şkaladan müəyyən üsulların uşağın narahatlığını azaltmağa kömək edib-etmədiyini öyrənmək üçün də istifadə edə bilərsiniz.

- “İnanılmaz 5 Ballıq Şkala" autizmli və digər inkişaf qüsurları olan uşaqlar üçün çox uyğundur, çünki o, vizual və əyani vasitədir. Bu uşaqlar üçün çox vaxt öz hisslərini sözlə deyil, şkaladakı rəqəmə işarə edərək ifadə etmək daha asan olur.

Şkalanın xarici görünüşü uşağın xüsusiyyətlərindən və sizin məqsədlərinizdən asılıdır. Aşağıda verilmiş şəkildə solda klassik şkala təsvir olunub, burada hər bir nömrənin yanında uşaq bu səviyyədə nə hiss etdiyini və (sağdakı sütunda) özünü bu şəkildə hiss etdikdə nə edə biləcəyini yazıb. Böyük şkaladan əlavə siz uşağın həmişə özü ilə gəzdirə biləcəyi və vəziyyəti haqqında sizə məlumat vermək üçün istifadə edə biləcəyi kiçik 5 rəqəmli şkala (mərkəzdəki şkala seçimi) düzəldə bilərsiniz. Siz hətta şagirdlərinizdən hər birinin özlərini hər gün necə hiss etdiklərini qeyd edə biləcəkləri bütün sinif üçün (sağdakı şəkildə) nəzərdə tutulan daha böyük şkala da düzəldə bilərsiz.

 

Uşaq böyüklərlə birlikdə şkala üzərində işləyir və narahatlığını müəyyən etməyi və onu şkaladakı rəqəmlə əlaqələndirməyi öyrənir. Bu, müxtəlif narahatlıq səviyyələri ilə əlaqəli hissləri və fiziki hissləri, eləcə də narahatlığı azaltmaqla bağlı strategiyaları yazmaq üçün istifadə edə biləcəyiniz vizual alətdir ki, uşağınızın onları yadda saxlaması daha asan olsun.

2. Əks etdirici dinləmə

Artan narahatlıq əlamətlərini görəndə uşağınız üçün stresli davranışı şərh edin. Məsələn: "Ətrafda çox insan var və sən gərginlik hiss edirsən." Əgər siz artıq beş ballıq şkaladan istifadə etməyə başlamısınızsa, deyə bilərsiniz: "Görürəm ki, çiyinlərini qulaqlarına doğru qaldırmısan, görünür, özünü 3 -də olduğu kimi hiss edirsən." Bu, uşağın öz hisslərini daha yaxşı başa düşməsinə kömək edəcəkdir.

3. Təbii vəziyyətlərdə paralel nitq

Uşağınızın diqqətini üz ifadələrinə və bədən dilinə (özünüzdə və başqalarında) cəlb edə bilərsiniz. Məsələn: “Tommi büdrədi və yıxıldı, bu onu ağrıdır. O, ağlayır. Bəzən insanlar harasısa ağrıyanda və ya qorxanda ağlayırlar”. Və ya daha böyük uşaqlar üçün nümunə: “Məncə, Cim bütün sinif qarşısında çıxış etmək məcburiyyətində qaldığından çox narahatdır. Görürsən, o, tərləməyə başladı və yerində dayana bilmir!" Siz həmçinin uşağın həmyaşıdlarından da nə hiss etdiklərini soruşa bilərsiniz ki, onlar uşaq üçün model ola bilsinlər.

4. Hissləri və emosiyaları modelləşdirin

Nəhayət, üz ifadələrinizi şişirdərək, emosiyalarınızı və narahatlığınızı ifadə etməklə özünüzü necə hiss etdiyinizi vurğulaya bilərsiniz. Bir dəfə mən, səhv etdikdə panikaya düşən və isterikaya qapılan bir şagirdlə işləyirdim. O, səhvdən qurtulmaq üçün vərəqi pozan ilə deşik açılana qədər silirdi. Səhvlər çox idisə və ya kağız cırılrdısa, o, əşyaları səpələməyə başlayırdı.

Bu uşaq üçün biz özümüzün necə səhv etdiyini modelləşdirdik. Məsələn, “Oy! Mən səhv etdim! Naharımı gətirməyi unutdum! Mən elə əsəbiyəm ki!" və ya “Vay-vay, mən sözü kağıza səhv yazmışam! Sakit olmağa çalışacağam və yenidən cəhd edəcəm”. Model rolunda həm də həmyaşıdlar çıxış edə bilər və bu uşağa stress altında olanda daha yaxşı başa düşməyə kömək edir.

Əlbəttə ki, öz narahatlığınızı müəyyən etmək yalnız ilk addımdır. Daha sonra biz hansı strategiyaların narahatlığı azalda biləcəyi haqqında danışacağıq.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar