Autizmli uşaqları olan bir çox valideynlər onları evdə məqsədyönlü fəaliyyətə cəlb edə bilmədiklərindən şikayətlənirlər. Autizmli uşaq dərsləri maraqsız, darıxdırıcı hesab edə, valideynləri müəllim olaraq qəbul etməyə bilər. Nəticədə “şagird” stoldan qaçır, əsəbiləşir və hirslənir. Valideynlər də öz növbəsində təbii olaraq narahat olurlar. İndi gəlin bunun nə üçün baş verməsinin səbəblərini müəyyənləşdirək.
- Motivasiya.
Əgər autizmli uşağın kifayət qədər maraq göstərmədiyi qənaətinə gəlmisinizsə, o zaman onun motivasiyasını necə artıra biləcəyinizi düşünməlisiniz. Bəzən öyrənmə motivasiyasının olmaması autizmli uşağın maraq zonasına yalnız dar ixtisaslaşdırılmış əşyaların (məsələn, yalnız avtomobillər və ya toplar) düşməsi ilə əlaqədardır. Onu sevimli oyunundan yayınıb başqa bir şey təklif edəndə əsəbiləşir, narahat olur, özünü pis aparır. O zaman niyə sevimli oyuncaqlardan məşğələ üçün istifadə etməyəsiniz?! Məsələn, maarifləndirici oyunlar, avtomobillərlə şəkillər, ayılar, kuklalar və s.
Ola bilsin ki, autizmli uşağın hobbilərindən xarici motivasiya yaratmaq üçün istifadə oluna bilər. "Sən tapşırığı yerinə yetirdikdən sonra oyun oynamağa davam edə bilərsən."
Körpənizi ən yaxşı siz tanıyırsınız! Məşğələ üçün hansı rejimin ona ən uyğun olduğunu müəyyən etməyə çalışın. Bəziləri bir müddət gözləyə və ardıcıl olaraq bir neçə tapşırığı yerinə yetirə bilir, digərlərinə isə dözmək çətindir, buna görə də hər tapşırığı yerinə yetirdikdən sonra onları sevimli oyun və ya bir az istirahətlə mükafatlandıra bilərsiniz.
Qeyd edək ki, həvəsləndirmə heç də “rüşvət” deyil. Dərslərdən sonra layiqli mükafat istirahət, təmiz havada gəzinti, cizgi filminə baxmaq, birlikdə oynamaq və ya yaradıcılıq ola bilər. Bu planlar barədə əvvəlcədən xəbərdarlıq etmək daha yaxşıdır!
Xarici motivasiya yaratmaq üçün hər hansı bir mükafatdan istifadə etmək qərarına gəlsəniz, bu, daimi və geri dönməz bir qayda olmalıdır. Dərsdən sonra cizgi filminə baxmağa söz vermisinizsə, amma buna baxmayaraq uşaq öyrənməkdən imtina etdisə, cizgi filminə baxış avtomatik olaraq "ləğv olunmalıdır". Əksinə, əgər autizmli uşaqla dərslər uğurlu keçdisə, o zaman sözünüzü tutmalısınız.
Xarici motivasiyanı dəstəkləmək üçün mükafatın daim sərbəst şəkildə əldə edilməməsi lazımdır. Cizgi filmi nümunəsinə qayıtsaq, bu o deməkdir ki, əgər uşağın günün istənilən vaxtında onsuzda sərbəst şəkildə cizgi filminə baxmaq imkanı varsa o zaman cizgi filminə baxmaq xətrinə dərslərdə maraqlı olması ehtimalı azdır.
Xarici motivasiya yaratmaqla yanaşı, onu birgə fəaliyyətə necə maraqlandıracağınız barədə də düşünə bilərsiniz. Bu zaman tədris materiallarını deyil, oyun materiallarını seçmək daha yaxşı ola bilər. Başlanğıcda, öyrənmək vərdişi yenicə formalaşarkən, siz müstəsna dərəcədə maraqlı və əyləncəli oyunları dərs planına daxil edə bilərsiniz. Uşaq sevdiyi oyuncaqlarla oynamağa məmnuniyyətlə razılaşacaq. Bu mərhələdə yeganə qayda "iş ərazisində" valideynlərinizlə birlikdə olmaqdan ibarət olmalıdır. Bu, həm də gün ərzində onun üçün ən azı bəzi maraqlı oyuncaqlara girişin olmamasını tələb edə bilər. Onlarla oynamağa yalnız məşğələ zamanı icazə verilməlidir.
Öyrənmə prosesinə inam yaratdıqca, siz oyunlarla yanaşı, tədricən qısa öyrənmə fəaliyyətlərini də tətbiq etməyə başlaya bilərsiniz.
- Səbir və dözümlülük.
Autizm diaqnozu qoyulmuş bəzi uşaqlar bütün dərsi dözməkdə çətinlik çəkirlər. Bu vəziyyətdə, "dərs"i daha yüngül etməklə bağlı düşünmək arzu ediləndir. Autizmli uşaqlarla inkişaf məşğələləri təşkil edərkən vəziyyətin proqnozlaşdırıla bilən və aydın olması vacibdir. Onları gündəlik işinizin bir hissəsinə çevirə bilsəniz bu çox yaxşı olar. O zaman hamıya aydın olacaq ki, evdə dərslər günün müəyyən saatında keçirilir, həmişə eyni vaxtda davam edir. Cədvəldən istifadə edirsinizsə, ora "dərslər"i də daxil edin ki, uşaq onların nə vaxt başlayacağını bilsin və həmin ana hazır olsun.
Bir güşə və ya xüsusi təyin olunmuş iş sahəsi təchiz etmək yaxşı olar. Bunun ayrıca, xüsusi təchiz olunmuş otaq olmasına ehtiyac yoxdur, sadəcə olaraq rahat şəkildə məşğul ola bilmək üçün daimi yer olması kifayət edər. Vurğulamaq istərdim ki, autizmli uşaqla korreksiya edici kursların keçirilməsi üçün ayrılmış yer daimi yer olmalıdır. O, uşaq da “dərs”in məhz burada keçirilməsi ilə bağlı vərdiş yaratmalıdır. Zonalaşdırma (otaqda dərs yeri və oyun ərazisinin ayrılması) ciddi əhval-ruhiyyəni daha yaxşı tənzimləməyə imkan verir.
Autizmli uşağın öyrənmə prosesinin nə vaxt bitəcəyini bilməsi vacibdir. Bunu etmək üçün bir qum saatı və ya taymer qoya bilərsiniz, bu halda həmçinin görmə qabiliyyəti də inkişaf edəcək.
Günün tədbirlər cədvəlinə əlavə olaraq, əyani dərs cədvəlini də daxil edə bilərsiniz. Şəkillərin köməyi ilə bir plan yarada bilərsiniz (oxumağı bacaran uşaqlar üçün - əlyazma ilə). Uşaq artıq neçə tapşırığı yerinə yetirdiyini və neçəsinin qaldığını yoxlaya biləcək.
Daha azyaşlı uşaqlar üçün plana çox sürətli və asan tapşırıqları olan yalnız 2-3 şəkil daxil edilə bilər, çünki onun asanlıqla uyğunlaşa bilməsi vacibdir. Və təxmin etdiyiniz kimi, burada "müqavilə"nin dürüstlüyü də olduqca vacibdir. Əgər razılaşmısınızsa, uşaq buna əməl etməyi öyrənməlidir, tapşırıqlar "elə belə" ləğv edilə bilməz, lakin planda nəzərdə tutulmayan yeni tapşırıqları əlavə etmək də düzgün deyil. Başqa szölə razılaşmaya hər iki tərəfin əməl etməsi lazımdır. Razılaşın ki, böyüklər sizə hələ nə qədər dözməli olduğunuzu və hələ nə qədər vaxt qalacağını əvvəlcədən xəbərdar etdikdə bu daha xoş olur.
- Emosiyalar.
Bəzi autizmli uşaqlar materialı öyrənməkdə çətinlik çəkirlər və nəticədə onlar narahat olmağa, əsəbiləşməyə, dərs oxumaqdan imtina etməyə başlayırlar.
Tapşırığın özünün həcmi ilə bağlı bir nüans var. Tapşırıq çox çətin / yorucu / darıxdırıcıdırsa, autistik uşağın onun həcmindən əvvəlcədən xəbərdar olması və öz gücünü hesablaya bilməsi arzu edilir. Bəzən uşaqlar adicə böyük sayda şəkil, kitab, dərslik görəndə belə ağlamağa başlayırlar. Amma 10 şəkildən ibarət nazik bir kitabça uşaq üçün o qədər də qorxulu görünmür. Odur ki, siz tapşırığın hansı həcmdə olduğunu açıq şəkildə göstərsəniz və artıq keçilmiş olan materialı bir kənara qoyaraq yerdə qalan təlim materialının nə qədər qaldığını əyani şəkildə göstərsəniz bu, nəinki narahatlığı azaldacaq, həm də motivasiyanı artıracaqdır ("Əhsən sənə,artıq bir şey qalmayıb və sən demək olar ki, bütün tapşırıqları yerinə yetirmisən!").
Əgər tapşırığın həcmi materialın özündə müəyyən edilməmişdirsə, siz "tələbənizi" başqa bir şəkildə də xəbərdar edə bilərsiniz. Bunun üçün ABA terapiyasında olduğu kimi müvafiq jetonlara ehtiyac var. Jetonlar - yaxşı görülən bir işi və ya yaxşı davranışı qeyd etmək üçün istifadə olunan əlamətlərdir. Sabit sayda jeton toplandıqdan sonra siz fəaliyyəti dəyişdirə və ya uşağı mükafatlandıra bilərsiniz.
Yalnız jetonlardan istifadə etmək şərt deyil. Siz sadəcə olaraq bir kağız parçasına lazım olan sayda kvadratlar şəkə və hər bir tamamlanmış tapşırığı həmin kvadratlara işarə qoymaqla qeyd edə bilərsiniz. Bu da jetnlarda olduğu kimi həm aydınlığı təmin edəcək, həm də vəziyyəti daha başa düşülən edəcək ki, nəticədə daha az narahat edici təsir bağışlayacaq.
Əhəmiyyətli bir bacarıq ondan ibarət olacaq ki, siz uşağa hər dəfə tapşırıq ona çətin görünəndə kömək istəməyi öyrədə biləsiniz. Bu vəziyyətdə o, dəstəyinizi hiss edəcək. Nəticədə çox güman ki, dərslərdən yayınma faizi, eləcə də uşaqlarda baş verə biləcək məyusluq səbəblərinin sayı azalacaq.
Uşağınız üçün hansı davranışın daha yaxşı olduu barədə düşünün. Əgər o danışmağı bacarırsa, ona nitq tələbini öyrədə bilərsiniz. Şiddətli nitq pozğunluğu olan autizmli uşaqlar üçün isə əlavə ünsiyyət (“kömək” jesti və ya “kömək et” PECS kartı) daha çox uyğun gələcək.
Diqqət edilməli olan digər vacib məqam isə emosiyaların idarə olunmasıdır. Autizmli uşağa sakitləşməyi öyrətmək lazımdır. Əgər "tələbə" evdə məşğələ zamanı çox əsəbiləşirsə, ona tapşırıqların icrasına bir az sonra qayıtmaqla narahat olmağı dayandırmağa kömək edin. Yəni, məşğələyə müəyyən müddət ara verin və onun sakitləşməsini təmin edin.
Körpənizi nəyin rahatlaşdıra biləcəyi barədə düşünün. Bəzi autizmli uşaqların sakitləşməsi üçün tək qalmağa, digərlərinin qucaqlanmağa və ya sevimli oyuncağı ilə oynamasına ehtiyac var. Uşağınıza bu sakitləşdirmə üsullarından istifadə etməyə kömək edin: ola bilər ki, o, zamanla (çox əsəbiləşməmişdən əvvəl) "mənə rəhm et" ("qucaqla", "öp") deməyi və ya sakitləşmək üçün tək qalmaq, fasilə vermək lazım olduğunu deməyi öyrənəcək. Bəzilərinə əl altında hər hansı bir stresə qarşı oyuncaq olması da kömək edir, hansını ki, lazım gəldiyi vaxt əzmək, döymək və ya hətta dişləmək olar. Beləliklə, uşaq onun vəziyətini başa düşdüyünüzü və nəzərə aldığınızı anlamış olacaq.
- Nadinclik və hiperaktivlik.
Uşaq nadincdir, bir neçə dəqiqə belə hərəkətsiz qalmaqdan imtina edir. Böyüklər üçün bu problem ən çətinlərdən biri kimi görünür. Ancaq məsələyə uşağın prizmasından yanaşsaq onda başa düşərik ki, bu, uşağın özü üçün də çətindir. Autizmli uşaqların bir yerdə hərəkətsiz olaraq oturması, uzun müddət eyni işi görməsi çox vaxt olduqca çətin olur, xüsusən də yaxınlıqda televizor, çarpayı və oyuncaqlar olduğu halda bu ümumiyyətlə imkansız görünür.
Bir çox uşaqlar valideynlərinin oynamaq və dincəlmək əvəzinə dərs təklif etməsinə çox əsəbiləşirlər. Siz yuxarıda göstərildiyi kimi, proqnozlaşdırıla bilən bir quruluş yaratmaqla yanaşı təlimin rejimi, onların müddəti və tezliyi üzərində də düşünə bilərsiniz. Unutmayın ki, önəmli olan müddət deyil, keyfiyyətdir! Əgər uşağınızı cəmi 5 dəqiqə müüdətinə təlimə cəlb edə bilirsnizsə, bundan sonra o təlimdən imtina edərək qaçırsa, o zaman təlim müddətini 4 dəqiqəyə endirin və sonra uşağı istirahətə buraxın. Bu zaman belə görsənəcək ki, siz özünüz təlimi saxlayırsınız (öz şərtlərinizlə) və üstəgəl bu "yaxşı notlar üzərində" baş verir. Yəni başqa sözlə uşağın qaçmamsı və təlimdə sonacan iştirakı ilə. 4 dəqiqəlik dərslər vərdiş halına gəldikdən sonra isə tədricən, bir dəqiqəlik artımla tədris müddətini artırmaq olar. Gündəlik rejimə bu cür bir neçə qısa seanslardan ibarət təlimi daxil etmək mümkündür.
Elə olur ki, uşağın sadəcə ara verməyə ehtiyacı var və bundan sonra o, yenidən təlimə davam etməyə razıdır. Bu vəziyyətdə, məktəbdə olduğu kimi, "fasilələr" təşkil edə bilərsiniz: məşğul oldun - istirahət etdin - yenidən təlimə başla. Fasiləyə hansı anda və necə başlayacağınızı və fasiləni bitirərək təlimə necə qayıdacağınızı əvvəlcədən düşünün. Yəqin ki, sizə taymer və ya qum saatı lazım olacaq ki, hamı verilmiş fasilənin nə vaxt bitdiyini və dərsə qayıtmağın lazım olduğunu başa düşsün.
- Yenilik.
Autizmli uşaqların heç də hamısı dəyişiklikləri və yenilikləri sevmirlər. Onlardan bir çoxu yeni oyunlar və təlimatlar görəndə narahat olurlar. Bu, qismən körpənin hələ onunla nə edəcəyini bilməməsi, tanımadığı materialların çox çətin və ya xoşagəlməz olacağından qorxması ilə bağlıdır. Buna görə də, autizmli uşağa əvvəllər məlum olmayan bir şey təklif etməzdən əvvəl ona bir nümunə göstərə və onunla nə edəcəyinizi izah edə bilərsiniz. Daha yaxşı olar ki, bu nümunəni yetkin bir insan göstərsin və uşaq da onu kənardan seyr edərək tanış olmayan materialla tanış olmaq imkanı əldə etsin. Bu məqsədlə valideynlər həvəsləndirmək, maraqlandırmaq, vəziyyəti daha başa düşülən etmək üçün mini-tamaşalar oynaya bilərlər.
Müasir reallıqlarda uşaqlar videolara, cizgi filmlərinə baxmağı daha çox sevirlər. Yeni bir şey izah etmək üçün bu maraqdan istifadə etməyə çalışın.
Müasir dünyada video modelləşdirmə adlanan bir istiqamət mövcuddur. Böyüklər (bəzən uşaqların iştirakı ilə) müxtəlif vəziyyətləri videoya çəkirlər, çox vaxt vəziyyəti tələffüz edərək, qaydaları izah edirlər. Videoya baxarkən, autizmli uşaq müəyyən bir vəziyyətdə necə düzgün hərəkət etmək barədə fikir əldə edir. Çox vaxt bu cür videolar xüsusi olaraq qarşılıqlı əlaqə sahəsi ilə bağlı olur (məsələn, uşaq videoya baxaraq necə tanış olmaq lazım olduğunu öyrənir), lakin siz uşağın diqqətini yeni bir oyuna cəlb etmək və ya oyunun mənasını izah etmək üçün də bu cür videolardan istifadə edə bilərsiniz. Bir çox uşaqlar eyni şeyi göstərən canlı bir insandan daha çox hər hansı bir şəxsin müəyyən materiallarla qarşılıqlı əlaqəsini göstərən video yazılara baxmağa üstünlük verirlər. Odur ki, siz ailə üzvlərinin iştirakı ilə müəyyən bir "film" çəkə və bununla da uşaqda maraq yaratmağa müvəffəq ola bilərsiniz. Uşaq təqdim etdiyiniz nümunəni gördükdən sonra onu həmin nümunəni təkrarlamağa dəvət edin.
- Təcrübə.
Autizmli uşaq yalnız mütəxəssislərin dərslərində nəyisə öyrənir, evdə isə əldə etdiyi bilikləri tətbiq edə bilmir. Əgər siz bənzər bir vəziyyət görsəniz bilin ki, bu, əldə edilmiş biliklərin ötürülməsində çətinliklərin olduğunun göstəricisidir. Bu, uşağın sualları və tapşırıqları "yadda saxlaması", onları təlim vəziyyəti ilə möhkəm əlaqələndirməsi, lakin dərsdən sonra onları praktikada tətbiq etmək ehtiyacı ilə heç vaxt qarşılaşmaması ilə əlaqədar ola bilər.
Təəssürat yarana bilər ki, evdə autizmli uşaqla dərslər mütləq məktəbdəki dərslərə bənzəməlidir, yəni başqa sözlə təlim, üzrəində müvafiq dərsliklər olan masada keçirilməlidir. Lakin, belə deyil. Təbii öyrənmə anlayışı var, hansında ki, “şagird” gün ərzində yaranan həyat vəziyyətləri zamanı lazımi bilik və bacarıqları əldə edir.
Təbii öyrənmənin bir sıra danılmaz üstünlükləri var: uşaq bilikləri akademik şəraitdə deyil, gündəlik situasiyalarda tətbiq etməklə, qarşılıqlı əlaqə qurmaqla öyrənir. Bundan əlavə o, bu vəziyyətləri təhsil və ya gündəlik rutin kimi qəbul etmir, yəni başqa sözlə desək uşağın qarşılıqlı əlaqə qurmaq və öyrənmək üçün daha yüksək motivasiyası olur. Və nəhayət, uşaq davranışda daha çevik olmağı öyrənir. Bir nümunə göstərək. Siz uşağınıza oxumağı öyrədirsiniz. Əgər o, mağazadakı məhsulların siyahısını oxuyub oxuduqlarını rəfdə gördüyü məhsullarla uyğunlaşdırsa, daha sonra sevdiyi bir məhsulu tapsa, o zaman daha yüksək oxu motivasiyası yarada bilərsiniz. Yaxud da başqa misal, sən uşağa özü haqqında suallara cavab verməyi öyrədirsən və oyun meydançasında onun adını öyrənmək istəyən bir uşaq çıxır. Rəngləri öyrəndiyiniz zaman, uşağın məhz adlandırdığınız rəngdə olan qutudakı sevimli oyuncağını tapdığı bir oyun qura bilərsiniz.
Təxmin etdiyiniz kimi, bu vəziyyətlərdən bəziləri sizin özünüz tərəfindən qurula və tənzimlənə bilər. Qohumlarınızdan, dostlarınızdan, yaxınlarınızdan öyrənmək üçün lazım olan vəziyyəti yaratmaq üçün sizinlə "oynamalarını" xahiş edə bilərsiniz. Məsələn, məktəbdə müəllimə xəbərdarlıq edin ki, bu gün uşağın yanında qələm olmayacaq və o, müəllimdən və ya sinif yoldaşından qələm istəmək üçün xahiş etməli olacaq.
Autizmli uşaq. Evdə məşq rejimini necə qurmaq olar?
Biz bu məsələyə, ümumi olaraq artıq yuxarıda toxunmuşuq. Bununla belə, aydınlaşdırmaq istərdim ki, təlim rejimi dedikdə təkcə onların sabitliyi və davamlılığı deyil, həm də yük rejimi nəzərdə tutulur. Dərs əyləncəli şəkildə keçsə də, həmişə bir yükdür: bir şeyə diqqət yetirmək, böyüklərlə birgə nəyisə diqqətdə saxlamaq, emosional resursları sərf etmək, davranışa nəzarət etmək lazımdır. Buna görə də, dərslərin əyləncəli keçməsi üçün təlim prosesini necə quracağınız haqda da düşünməyiniz lazımdır.
1. Vaxt məhdudiyyəti. Saata nəzarət edin və sizin fikrinizcə, uşağın yorulduğu vaxtı müvafiq olaraq qeyd edin. Yorğunluğun başlamasına az qalmış dərsi bitirmək və ya fasilə vermək daha yaxşı olar. Unutmayın ki, "şagird" dərhal uzun sessiyalara dözmək məcburiyyətində deyil. Ən başlanğıcda o, 10-15 dəqiqə məşğul olacaq və yalnız bundan sonra tədricən müddəti artırmaq mümkün olacaq.
2. Təlim yükünün və istirahətin növbələşməsi. Yorğunluğun qarşısını almaq və eyni zamanda dərsin müddətini artırmaq üçün "dərs" zamanı fasilələr tətbiq etmək məsləhətdir.
3. Müxtəlif növ tapşırıqların növbələşməsi. Uşağın dərsi davam etdirməyə həvəsli olması üçün mürəkkəb və sadə tapşırıqları növbəli şəkildə təqdim edin. Dərsin əvvəlində, nə qədər ki, uşaq daha yaxşı əhvaldadır daha mürəkkəb tapşırıqlar, dərsin sonunda, yəni uşaq yorulmağa başlayanda isə sadə və xoş tapşırıqları təqdim etmək məsləhətdir. Sadə dərslərdə şagird “istirahət edir”, üstəlik, özünü uğurlu hiss edir, bu da sonradan daha mürəkkəb bir şeyə qayıtmağa imkan verir. Eyni şəkildə maraqsız və maraqlı tapşırıqları da növbələşdirmək daha yaxşı olardı. Bununla siz həm uşağın maraqlarını nəzərə almış olacaqsınız, həm də onun motivasiyasını artıracaqsınız (“Biz indi riyaziyyatla məşğul olacağıq, sonra isə sənin sevimli stolüstü oyununu oynayacağıq”).
4. Bir çox uşaqlar hər şeyi müstəqil olaraq etməyi, öz qaydalarını qoymağı xoşlayırlar. Əvvəlcədən hazırlanmış materiallardan istifadə edərək uşağın bu gün nəyi öyrənmək istədiyini və hansı ardıcıllıqla öyrənmək istədiyini seçməyi, başqa sözlə özünün dərs planı hazırlamasını təklif edin. Əlbəttə ki, təklif olunan tapşırıq özündə mütləq uşağın bəyəndiyi və ona sevinc, həzz verən bir şeyi ehtiva etməlidir.
Hər bir valideyn övladının ahəngdar inkişaf etməsini, sağlam və güclü böyüməsini, həyatın çətinliklərini uğurla dəf etməsini istəyir. Evdə autizmli uşaqla məşğul olmaq şübhəsiz ki, fayda gətirəcək. Ancaq eyni zamanda mütəxəssislərdən məsləhət almaqdan da çəkinmək lazım deyil. Moskva Səhiyyə İdarəsinin Q. E. Suxarev adına Mərkəzində Valideynlər Klubu fəaliyyət göstərir, burada ayda bir neçə dəfə həkimlər, ailə və tibbi psixoloqlarla görüşlər keçirilir. Mütəxəssislərdən birbaşa rəy almaq üçün ev tapşırıqlarınızın qeydlərini gətirin. Mərkəzin psixoloqları təlimi daha maraqlı şəkildə necə təşkil etməyi təklif edəcək, birgə fəaliyyətin sevinc və həzz gətirməsi üçün təkcə uşağınız üçün deyil, həm də sizin üçün maraqlı olacaq oyun və tapşırıqları seçməyə kömək edəcək.