;

Valideynlərin davranışı və onların autizmli uşaqla ünsiyyəti

  • 1715
Kəşf etmək üçün aşağı sürüşdürün
Font ölçüsü:

Autizmli uşaqların reabilitasiyasında iştirak edən mütəxəssislərin və istifadə olunan korreksiya üsullarının müxtəlifliyinə baxmayaraq, yenə də ən mühüm rolu valideyinlər oynayır: ana və ata vaxtlarının çoxunu uşaqla keçirdiklərinə görə körpələrinin inkişafı üçün lazım olan mühiti təşkil etmək imkanları var. Uşağın inkişafına kömək edəcək bu mühiti necə təşkil etmək olar?

Autizmli uşağın inkişafının əsas mənbəyi onun oyun fəaliyyətidir. Hər bir oyun növünün öz vəzifəsi var. Beləliklə, uşağın stereotip oyunu onunla qarşılıqlı əlaqənin əsası ola bilər, bu, davranışı nəzarətdən çıxacağı halda onun diqqətini ypnləndirməyə imkan verir. Sensor oyunlar uşaqla əlaqə qurmağa imkan verən yeni sensor məlumatlara, xoş duyğuların təcrübəsinə əsaslanır. Birgə rəsm və ya modelləşdirmə uşağı əhatə edən ətraf dünya haqqında fikirlərini inkişaf etdirmək üçün əla fürsətdir.

Uşağın həyatında mühüm yeri gündəlik həyat tərzinin mənimsənilməsinə kömək edən məişət ritualları tutur. Autizmli uşaqlar böyükləri təqlid etmirlər və buna görə də özlərinə qulluq bacarıqlarını inkişaf etdirmək üçün yaxınlarından əziyyətli iş tələb olunur. Gündəlik həyatda davranış stereotiplərini öyrədərkən aşağıdakı qaydalara əməl edilməsi vacibdir:

Uşaqdan nəyisə etməyi tələb etmək, yalnız o bunu edə bildiyi halda məqbuldur. Uşaq üçün sadə və aydın qaydalar hazırlayın ki, onun köməyi ilə o, nə vaxt və nə etməli olduğunu bilsin və özünü daha sakit hiss etsin.

“Sadədən mürəkkəbə” prinsiplərinə əməl edin: tələskənlikdən əl çəkin – hər şeyi bir anda öyrədə bilməzsiniz. Yeni bir bacarığı öyrətməyə başlayarkən, sadə və asan tapşırıqlarla başlayın, tədricən onların çətinlik səviyyəsini artırın.

Gündəlik iş rejimini dəqiq qurmaq övladınıza məişət bacarıqlarını öyrənməyə kömək edəcəkdir, onu da unutmayın ki, bu iş rejimi müəyyən ardıcıllıqla və təkrarlığa malik olmalıdır. Gündəlik işlərinizi günün eyni saatında edin. Uşağınıza edilməsi lazım olan işləri təxirə salmamasına kömək edin. Gündəlik görülməsi lazım olan bəzi ev işlərini uşağa həvalə edin və onun yerinə bu işləri görməyin. Uşağa qarşı həddən artıq yüksək və hədsiz aşağı tələblər qoymaqdan çəkinin. Onun üçün elə vəzifələr qoyun ki, həmin vəzifələr uşağın icra edə biləcəyi vəzifələr olsun.

Böyük insan izdihamından çəkinin. Alış-veriş mərkəzlərində, bazarlarda və digər insanların sıx olduğu yerlərdə olmaq uşağa həddindən artıq həyəcan verici təsir göstərir. Uşağınızı yorulmaqdan qoruyun, çünki bu, özünə nəzarətin azalmasına və hərəkətliliyinin artmasına səbəb olur. Onun televizor qarşısında uzun müddət oturmasına icazə verməyin, qadcetlərdən istifadə vaxtını məhdudlaşdırın (gündə 30 dəqiqədən çox olmamalıdır).

Böyüklərin müsbət münasibəti vacibdir: uğura sevinin, uğursuzluğa məhəl qoymayın. Nəticə üçün uşağı tərifləyin. Məsələn: "Bu gün bunu yaxşı və tez edə bildin, mən səninlə fəxr edirəm". Uşağınızı sözlər, üz ifadələri və jestlərlə mükafatlandırın.

Uşağınıza narahat olmamağa kömək edin: sakit oyunlar, xoş musiqi dinləmək, vanna qəbul etmək (çobanyastığı/lavanda/nanə; suyun temperaturu 37ºC, 10-15 dəqiqə) kimi fəaliyyətlər uşağınızın əsəbiləşən və həyəcanlanan zaman onun sakitləşməsinə kömək edəcək.

Diqqət yayındıran amilləri məhdudlaşdırın və uşağınızın işinə nəzarət edin. Diqqətini verimiş tapşırığa cəmləmək üçün ona xüsusi şərtlər lazımdır. Uşağınızın "buxarını çıxarması" üçün kifayət qədər imkanının olduğundan əmin olun. Məşqələlər arasında fasilələr edin. Tapşırığı yerinə yetirərkən uşağın ondan nə tələb olunduğunu başa düşdüyünə əmin olun (bunun üçün sadə təlimatlardan istifadə edin).

Uşağınızda hər hansı bir fəaliyyətə maraq oyadın: onun özünü hər hansı bir sahədə bacarıqlı hiss etməsi olduqca vacibdir. Uşaq üçün xüsusilə uğurlu olan fəaliyyətləri tapın və bununla da onun özünə inamını artırın.

Oyuncaqları düzgün seçin: musiqi elementləri ilə, qabartma ilə; parça və karton kitablar; loto, tapmaca oyunları, tikinti blokları, konstruktorlar, uşaq dəmir yolları və s. Uşağın duyğu xüsusiyyətlərini müşahidə edin.

Nitqinizi sadələşdirin. Nitq qavraması zəif olan uşaqlarda məlumatın işlənmə sürəti aşağı olur, ona görə də uzun cümlələr onlar üçün sadəcə səs-küy deməkdir. Maksimum 1-2 sözdən istifadə edin: məsələn, “get”, “dayan”, “yox”, “qaşığı götür”, “qaşıq yoxdur”. Nitq anlayışı inkişaf etdikcə, cümlələrə ehtiyac yaranır və genişləndirilə bilir, əsas məsələ bunu tədricən etməkdir.

Jestlərdən istifadə edin. Danışdığınız sözləri və ya istəkləri jestlə gücləndirin: məsələn, "ora gedək" dedikdə eyni vaxtda barmağınızla istiqaməti göstərirsiniz, "küçəyə" -dedikdə pəncərəyə işarə edin, "yox" - başınızı silkələyin. Uşağın Vityanın özü olduğunu başa düşməsi və adına cavab verməsi üçün adı tələffüz edərkən əvvəlcə ona toxunun: məsələn, "Osman" deyin və barmaqlarınızla yüngülcə uşağın çiyninə toxunun. Bu məşqi 2 həftə etmək lazımdır - bir qayda olaraq, bu vaxt onun öz adını tanımasına kifayət edir.

Uşağın sözləri tələffüz etməsi və onları daha yaxşı yadda saxlaması üçün uşağın baxışlarını böyüklərin artikulyasiyasına tutmaq və yalnız bundan sonra sözləri tələffüz etmək lazımdır: məsələn, “Murad, mənə alma ver” dedikdə, uşaqla eyni səviyyədə olmalısınız. Əgər uşaq baxışlarını düzəltməkdə çətinlik çəkirsə, onu çənəsindən tutub kömək edin.

Yuxarıda göstərilənləri yekunlaşdıraraq, mütəxəssislərin tövsiyələrinə əməl etməyin vacibliyini qeyd etmək istərdim. Onlar körpənin narahatlığını azaltmağa kömək edəcək və bir-birlərini daha yaxşı başa düşmək imkanı verəcəkdir.

Əvvəlki bloq Autizmli uşaqlar üçün mobil tətbiqin və saytın təqdimatı olub
Növbəti bloq Autizmli uşaqlar üçün “AutizmDERS” mobil tətbiqinin və yeni saytın təqdimatı olub
Digər bloqlar